Enerji içkiləri gənclərin ürəyi üçün nə qədər təhlükəlidir? — video

Bu yazı eyni mövzuda hazırladığım videoya əsaslanır.

Bu suala dürüst cavab belədir: geniş miqyaslı, uzunmüddətli elmi tədqiqatlar hələ azdır. Amma bu, “təhlükəsizdir” demək deyil. Çünki tədqiqatların yerində başqa bir şey var — müxtəlif ölkələrdən qeydə alınmış çoxsaylı klinik hadisə hesabatları.

Hadisə hesabatı nə deməkdir və niyə vacibdir?

Tibbdə bir sübut iyerarxiyası var. Ən yuxarıda minlərlə adamı əhatə edən böyük araşdırmalar dayanır. Ən aşağıda isə ayrı-ayrı xəstələrin təsviri — hadisə hesabatları.

Enerji içkiləri məsələsində hələ yuxarı pillə boşdur, aşağı pillə isə dolub. Fərqli ölkələrdən, fərqli həkimlərdən, bir-birinə bənzər hesabatlar gəlir. Bu, hələ qəti sübut deyil, amma nəzərə alınmalı bir siqnaldır.

Nə qeydə alınıb?

Gənclərdə iki tip hadisə diqqət çəkir.

Birincisi — ritm pozuntuları. Supraventrikulyar taxikardiya və ventrikulyar taxikardiya kimi ciddi aritmiyalar. Bunların bir hissəsi öz-özünə keçir, bir hissəsi təcili müdaxilə tələb edir.

İkincisi — infarkt. Bəli, gənc yaşda.

Öz təcrübəmdən bir nümunə: 31 yaşlı xəstə. Ailəsində erkən ürək xəstəliyi yoxdur. Şəkəri yoxdur. Təzyiqi yoxdur. Siqaret çəkmir. Yəni klassik risk faktorlarının heç biri yoxdur. Gündə beş enerji içkisi içirdi. İnfarkt keçirdi.

Ən maraqlı hissə: damar təmiz görünür

Belə xəstələrdə angioqrafiya bəzən gözlənilməz nəticə verir. Damar divarında illər ərzində toplanan kirəcləşmə — plaq — görünmür. Damar, sadə dillə desək, təmizdir.

Bəs onda infarkt niyə olub?

Çünki mexanizm fərqlidir. Klassik infarktda plaq yırtılır və üstündə tromb əmələ gəlir. Burada isə tromb birbaşa təsir nəticəsində yaranır — damarda əvvəlcədən hazır bir zəmin olmadan.

Bu, praktik olaraq vacibdir: “mənim damarlarım təmizdir, mənə heç nə olmaz” məntiqi burada işləmir.

Nə üçün belə olur?

Enerji içkilərində yüksək miqdarda kofein var — çox vaxt adi bir fincan qəhvədən qat-qat çox. Yanında şəkər, taurin və digər stimullaşdırıcı komponentlər.

Bunların birgə təsiri: ürək döyüntüsünün sürətlənməsi, qan təzyiqinin qalxması, damarların spazm meyli, ürəyin oksigenə tələbatının artması.

Bir bankada bu təsir keçicidir. Gündə bir neçə banka, aylarla, bəzən idmanla və ya yuxusuzluqla birlikdə — mənzərə dəyişir.

Xüsusilə diqqətli olmalı olanlar

  • Ürək xəstəliyi və ya ritm pozuntusu diaqnozu olanlar
  • Ailəsində gənc yaşda qəfil ürək ölümü olanlar
  • Qalxanabənzər vəzi problemi olanlar
  • Yüksək təzyiqi olanlar
  • Enerji içkisini alkoqolla və ya idman öncəsi preparatlarla qarışdıranlar
  • Yuxusuz gecədən sonra enerji içkisi ilə “özünü ayağa qaldıranlar”

Hansı əlamətlərdə həkimə müraciət etmək lazımdır

Enerji içkisi qəbulundan sonra bunlar yaranırsa, təsadüfə yozmayın:

  • Güclü, uzun sürən ürəkdöyünmə
  • Ürəyin nizamsız vurma hissi
  • Sinədə ağrı və ya sıxılma
  • Baş gicəllənmə, gözlərin qaralması

Sinə ağrısı 15–20 dəqiqədən çox davam edirsə və ya huşitirmə varsa — 103.

Tez-tez verilən suallar

Bu yazı ümumi məlumatlandırma məqsədi daşıyır və həkim müayinəsini, fərdi diaqnozu və təyin olunmuş müalicəni əvəz etmir. Burada oxuduqlarınıza əsaslanaraq dərmanınızı dayandırmayın və ya dozasını dəyişməyin.

Qəbul və əlaqə