İnfarktdan sonra depressiya: niyə olur və niyə əhəmiyyətlidir? — video

Bu yazı eyni mövzuda hazırladığım videoya əsaslanır.

Kardiologiyada ən az danışılan mövzulardan biridir. Prosedur uğurlu keçir, xəstə evə buraxılır, analizlər yaxşıdır — amma adam özünü yaxşı hiss etmir. Və bunu çox vaxt heç kimə demir.

Kimdə daha çox rast gəlinir

Əvvəlcə bir arxa plan lazımdır.

Kişi cinsi olmaq özlüyündə infarkt üçün risk faktorudur — eynilə yüksək təzyiq və şəkərli diabet kimi. Qadınlar təxminən 50 yaşa qədər estrogen hormonunun qoruyucu təsiri altındadır. Ona görə 50 yaşa qədər gənc kişilərdə infarkt riski daha yüksəkdir.

Və məhz bu qrup — 40–50 yaş arası kişilər — infarkt sonrası psixoloji sarsıntıya daha meyllidir.

“Yarıcan” hissi

Bu ifadəni qəbulda tez-tez eşidirəm.

40 yaşlı adam infarkt keçirir, stent qoyulur, prosedur uğurlu olur. Amma o, özünü artıq əvvəlki adam saymır. İşdə əvvəlki kimi çalışmağa qorxur. İdmanı dayandırır. Ailəsi ilə münasibətində özünü “yük” kimi hiss etməyə başlayır. Bəziləri evdən çıxmağı azaldır.

Bunun tibbi əsası yoxdur — amma hissin özü realdır və nəticəyə birbaşa təsir edir.

İnternet və süni intellekt amili

Son illərdə yeni bir mənbə əlavə olunub.

Xəstə evə gəlir, telefonu açır, axtarış sistemində və ya süni intellekt proqramında öz vəziyyətini yazır. Cavabda ürək əzələsindəki çapıq toxuması, qəfil ölüm ehtimalı, ağırlaşma siyahıları çıxır.

Problem məlumatın özündə deyil — kontekstin olmamasındadır. Ümumi statistika konkret xəstəyə aid deyil. Ürəyin nə qədər zədələndiyi, damarın necə açıldığı, atım funksiyasının nə olduğu — bunlar hər adamda fərqlidir və nəticəni tamamilə dəyişir.

Kontekstsiz oxunan məlumat qorxu yaradır. Qorxu isə sağalmaya kömək etmir.

Praktik tövsiyə: oxuduqlarınızı özünüzdə saxlamayın. Növbəti müayinədə suallarınızı yazıb gətirin. “Bunu oxudum, mənə aiddirmi?” sualı çox vaxt bir cümləlik cavabla bağlanır.

Niyə bu, tibbi məsələdir

Çünki əhval sağalma prosesinə birbaşa təsir edir.

Depressiv vəziyyətdə olan adam dərmanlarını daha nizamsız qəbul edir. Nəzarət müayinələrinə gəlmir. Hərəkət etmir. Siqaretə qayıdır. Yatmır, pis qidalanır.

Yəni psixoloji vəziyyət klinik nəticəyə çevrilir. Ona görə bu, “əhval məsələsi” deyil, müalicənin bir hissəsidir.

Hansı əlamətlərə diqqət etmək lazımdır

İnfarktdan və ya stentdən sonrakı ilk həftələrdə narahatlıq və əhval dəyişkənliyi gözləniləndir. Amma aşağıdakılar iki həftədən çox davam edirsə, bunu həkimə demək lazımdır:

  • Əvvəllər sevdiyiniz işlərə maraq itkisi
  • Davamlı ümidsizlik hissi
  • Yuxu pozğunluğu — həm yata bilməmək, həm həddindən artıq yatmaq
  • İştahın kəskin dəyişməsi
  • Özünü ailəyə yük hesab etmək
  • Ev və ya yataqdan çıxmaqdan çəkinmək
  • Fiziki fəaliyyətdən qorxu səbəbindən tamamilə imtina

Nə kömək edir

Məlumat. Öz vəziyyətinizi başa düşmək qorxunu əhəmiyyətli dərəcədə azaldır. Sual verməkdən çəkinməyin.

Tədricən hərəkətə qayıtmaq. Həkimin icazə verdiyi çərçivədə. Fiziki fəaliyyət həm ürəyə, həm əhvala təsir edir.

Ailənin mövqeyi. Həddindən artıq qoruyuculuq da zərərlidir. Adamı xəstə kimi yaşamağa məcbur etmək sağalmanı çətinləşdirir.

Peşəkar dəstək. Vəziyyət davam edirsə, psixoloq və ya psixiatrla məsləhətləşmək zəiflik əlaməti deyil, müalicənin normal hissəsidir.

Xəstəyə yalnız tibbi müdaxilə yetmir. Psixoloji və sosial dəstək də nəticənin bir hissəsidir.

Tez-tez verilən suallar

Bu yazı ümumi məlumatlandırma məqsədi daşıyır və həkim müayinəsini, fərdi diaqnozu və təyin olunmuş müalicəni əvəz etmir. Burada oxuduqlarınıza əsaslanaraq dərmanınızı dayandırmayın və ya dozasını dəyişməyin.

Qəbul və əlaqə