Üç fərqli vəziyyət var və hər birinin cavabı fərqlidir: təcili hallar, planlı müraciət tələb edən şikayətlər, və heç bir şikayət olmadan yoxlanış.

1. Gözləmək olmayan hallar

Bunlarda kardioloq qəbuluna yazılmaq yox, 103-ə zəng etmək lazımdır:

  • 15–20 dəqiqədən çox davam edən, dincəlməklə keçməyən sinə ağrısı və ya sıxılma
  • Sinə ağrısının çiynə, qola, çənəyə yayılması, soyuq tər və ürəkbulanma ilə birlikdə olması
  • Kəskin başlayan, dincəlikdə də davam edən güclü təngnəfəslik
  • Huşun itməsi
  • Çox sürətli və ya çox yavaş ürək döyüntüsü ilə birlikdə zəiflik, gözlərin qaralması
  • Nitqin pozulması, üzün əyilməsi, bir tərəfin gücsüzləşməsi

2. Planlı müraciət tələb edən şikayətlər

Bunlar təcili deyil, amma təxirə salınmamalıdır:

Fiziki yüklə yaranan, dincələndə keçən sinə narahatlığı. Əvvəllər rahat gördüyünüz işdə indi yaranan təngnəfəslik. Təkrarlanan ürəkdöyünmə və ya ürəyin nizamsız vurma hissi. Ayaqlarda davamlı şişkinlik. Təkrarlanan baş gicəllənmə, huşitirmə hissi. Ölçmələrdə davamlı yüksək təzyiq. Analizdə yüksək xolesterin. Səbəbi aydın olmayan, getdikcə artan yorğunluq.

3. Şikayət yoxdur, amma yoxlanış lazımdır

Ürək-damar xəstəliklərinin çoxu uzun müddət səssiz gedir. Ona görə də bəzi hallarda şikayət gözləmək düzgün deyil:

Ailə anamnezi. Atada, qardaşda 55 yaşadək; anada, bacıda 65 yaşadək infarkt və ya ürək ölümü olubsa.

Risk faktorlarının toplanması. Yüksək təzyiq, yüksək xolesterin, şəkərli diabet, siqaret, artıq çəki — bunlardan iki və daha çoxu varsa.

Yaş. 40 yaşdan sonra ürək-damar riskinin bir dəfə qiymətləndirilməsi məqsədəuyğundur. Risk faktoru varsa, daha erkən.

Yeni idman rejiminə başlamazdan əvvəl — xüsusən 40 yaşdan yuxarı və uzun müddət hərəkətsiz olmusunuzsa.

Digər xəstəliklərin fonunda. Şəkərli diabet, xroniki böyrək xəstəliyi, autoimmun xəstəliklər ürək riskini artırır.

Hamiləlik planlaşdırarkən — əvvəllər ürək problemi olubsa və ya əvvəlki hamiləlikdə təzyiq problemi yaşanıbsa.

Onkoloji müalicədən əvvəl və sonra — bəzi kimyaterapiya preparatları ürəyə təsir edir.

Hansı həkimə: terapevt, yoxsa kardioloq?

Şikayət yeni və qeyri-müəyyəndirsə, terapevtdən başlamaq normaldır. Kardioloqa birbaşa müraciət isə bu hallarda daha məntiqlidir: ürək diaqnozunuz artıq varsa, stent və ya ürək əməliyyatı olunmusunuzsa, terapevtin təyin etdiyi müalicə nəticə vermirsə, ikinci rəy istəyirsinizsə.

Qəbula nə ilə gəlmək

Köhnə EKQ lentləri, exokardioqrafiya və digər müayinə nəticələri, son analizlər, xəstəxana çıxarışları və dərman qutuları. Təzyiq problemi varsa — bir həftəlik ev ölçmələri.

Tez-tez verilən suallar

Bu yazı ümumi məlumatlandırma məqsədi daşıyır və həkim müayinəsini, fərdi diaqnozu və təyin olunmuş müalicəni əvəz etmir. Burada oxuduqlarınıza əsaslanaraq dərmanınızı dayandırmayın və ya dozasını dəyişməyin.

Qəbul və əlaqə